1992-ci ildən etibarən Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarlara 2,3 mlrd. manat güzəştli kredit verilib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfransda deyib.
“Bu vaxtadək Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrinin ümumi dəyəri 5,2 mlrd. manat olan sahibkarlara 2,3 mlrd. manat güzəştli kredit verilib”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, həmin kreditlərin 1 mlrd. manatı büdcə, 1,3 mlrd. manatı geri qaytarılan vəsaitlər hesabına verilib.
S.Məmmədov, həmçinin qeyd edib ki, bu kreditlər hesabına 166 min yeni iş yeri açılacaq. Kreditlərin 74%-i regionlarda, 26%-i Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.
O vurğulayıb ki, bu kreditlərin 68%-ə qədəri aqrar sektorun, 32%-i isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov