2019-cu ilin birinci yarısında banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 mlrd. manat təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında deyilir.
“2019-cu ilin yanvar-iyun aylarının yekunları üzrə banklararası hesablaşmalar sistemi (AZIPS və XOHKS - İF) vasitəsilə əməliyyatların həcmi 131,1 mlrd. manat, əməliyyatların sayı – 25,378 min təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5,1% və 41,3% artım olub”, - məlumatda qeyd olunur.
Hökumət Ödəniş Portalı (HÖP) üzərindən hesabat dövründə həyata keçirilən əməliyyatların həcmi 1,412 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur. Eyni zamanda, əməliyyatların 551 mln. manatı nağdsız qaydada həyata keçirilib (artım 3,4 dəfə).
30 iyun 2019-cu il tarixinə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 mln. ədədi ötüb. Bunlardan təmassız ödəniş kartlarının sayı 997 min ədəd olub. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə təmassız ödəniş kartlarının sayı 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.
2019-cu ilin birinci yarısında Azərbaycanda ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9,532 mlrd. manat təşkil edib (artım 24%). Hesabat dövründə ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil edib (artım 16%). **