Azərbaycanın istintaq orqanları “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara1 mln. manatdan artıq pul vəsaitinin ödənilməsini təmin edib. Bunu baş prokuror Zakir Qaralov deyib.
“400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 mln. 91 min manat məbləğində pul vəsaiti ödənilib”, - deyə o, 2019-cu ilin I yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib..
Baş prokuror qeyd edib ki, ümumilikdə, yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 mln. 155 min manat məbləğində kompensasiya ödənilib.
“Diqlas” ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib.
Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 441 sahibkara maddi zərər dəyib.
Yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna aprelin 4-dən başlanılıb. Ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir.
Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar.*
F.İsazadə