Qazaxıstan bu il Azərbaycana buğda ixracının həcmini 600-700 min tona, 2020-ci ildə isə 1 mln. tona çatdırmağı planlaşdırır. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
"Biz Qazaxıstan buğdasının Azərbaycana tədarükünü tədricən bərpa edirik. Bir vaxtlar ölkəmiz Azərbaycana təxminən 1 mln. ton buğda ixrac edirdi. I yarımilliyin yekunları üzrə Azərbaycana buğda ixracı 3 dəfə artıb, 2019-cu ilin sonunadək biz ixracın həcmini 600-700 min tona çatdıracağıq. Gələn il isə 5-6 il bundan əvvəl olduğu kimi 1 mln. ton səviyyəsində ixracı bərpa edəcəyik”, - deyə o, Azərbaycanda diplomatik missiyasının başa çatması münasibətilə təşkil olunmuş rəsmi qəbulda bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.
“Ölkələrimiz arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Son illər ərzində ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələrimiz sabit şəkildə inkişaf edir. Çox mühüm müqavilələr imzalanıb, nəqliyyat və logistika sahələrində layihələr həyata keçirilir, o cümlədən dəmir yolu idarələri arasında ümumi dəyəri $0,5 mln. olan 3 illik müqavilə imzalanıb”, - deyə B.İsabayev vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında Xəzər dənizinin dibi ilə optik-lif kabel magistralının çəkilməsi haqqında da çox vacib müqavilə imzalanıb.*
F.İsazadə