Azərbaycanın valyuta ehtiyatları $49 mlrd.-a çatıb. Bunu prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.
“Valyuta ehtiyatlarımız rekord həddə çatıb – $49 mlrd. səviyyəsindədir. Bu, bizim böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız $4 mlrd. artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici borcu əhəmiyyətli dərəcədə aşağı düşüb və hazırda ÜDM-nin 19%-i səviyyəsindədir.
“Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”, – deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova