2019-cu ilin birinci yarısının yekunları üzrə qeyri-neft sənayesində artım 15,7% təşkil edib, bud a record göstəricidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7%-dir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”, - Əliyev çərşənbə günü sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib.
Prezident qeyd edib ki, bu sahədə cari il istifadəyə verilən iri müəssisələrin rolu kifayət qədər böyükdür. “Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır”, - Əliyev vurğulayıb.
Dövlət başçısı bəyan edib ki, birinci yarımillikdə kənd təsərrüfatında da rekord göstərici - 13% artım əldə edilib.
“Bu göstərici, xüsusilə bitkiçilik hesabına əldə olunub. Bitkiçilik 25% artıb. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”, - Əliyev bildirib.
Prezident bəyan edib ki, altı ayda ölkə iqtisadiyyatına 6 mlrd. dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir.
Dövlət başçısının sözlərinə görə, inflyasiya 2,5%-dir. “Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6% artıb”, - o vurğulayıb.
“Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 mln. manatdan çox artıb, yəni, plandan əlavə yığılıb və bu da aparılan islahatların təzahürüdür”, - Əliyev deyib.
“Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”, - president bildirib. **
B.Rüstəmbəyov