“BP-Azerbaijan” şirkəti 2019-cu ilin I yarısında “Şahdəniz” yatağından 8,4 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 68% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
I yarımillikdə yataqdan 2 mln. ton kondensat (artım 81,8%) hasil olunub.
“Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin gücü ildə təxminən 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir”, - deyə məlumatda bildirilir.
I yarımillikdə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $931 mln. (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 11,2% - İF-Az) təşkil edib. Bunun $376 mln.-u istismar, $555 mln.-u isə əsaslı xərclərin payına düşüb. Layihə üzrə əsaslı xərclərin böyük həcmi “Mərhələ-2”nin reallaşdırılması istiqamətində işlərə yönəldilib.
Hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri Magistralı (CQBKM və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 28 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $24 mln., istismar xərcləri $20 mln. təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatını 17 mlrd. 389 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.
2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.*
B.Rüstəmbəyov