2019-cu ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 4,3% – 8 mlrd. 736,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 5,7% - 4 mlrd. 935,3 mln. manatadək və ya bütün əmanətlərin 56,5%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).
2019-cu ilin yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 20,9% - 3 mlrd. 801 mln. manatadək (bütün əmanətlərin 43,5%-i) artıb.
30 iyun 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 mlrd. 233,9 mln. manat, qeyri-rezidentlərin – 502,4 mln. manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 8,2% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 34,3% azalıb.
İyulun 1-nə banklarda əmanət və depozitlərin həcmi 22 mlrd. 128 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 1,2% çoxdur.**
N.Abbasova