“Azərbaycan Hava Yolları” (AZAL) QSC Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağını (UEZ) sentyabr ayında istismara verməyi planlaşdırır. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bu gün tikinti işlərinin gedişi ilə tanış olublar.
“C.Əsgərov məlumat verib ki, yeni zolaq beynəlxalq tələblərə uyğundur və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri 50 mln. manat təşkil edir. Naxçıvan Hava Limanının ikinci zolağının istismara verilməsi 2019-cu ilin sentyabr ayına planlaşdırılıb”, - deyə məlumatda bildirilir.
Layihə uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisini nəzərdə tutur.
Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının tikintisi prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.
Layihə çərçivəsində ICAO CAT II ikinci kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən, uçuş-enmə zolağının hər iki istiqaməti üçün yeni enişə yaxınlaşma instrumental sisteminin alınması (qərarın qəbul edilməsi hündürlüyü 30 m–dən 400 m-dək), təhlükəli hava şəraitini üfüqi 360 bucaq və şaquli -2 dərəcə ilə 182 dərəcə arasında müşahidə edən Furuno WR2100 metereoloji avtomatlaşdırılmış radiolokatorunun quraşdırılması nəzərdə tutulur.
Həmçinin uçuş-enmə zolağına avtomatlaşdırılmış metereoloji müşahidə sensorlarının quraşdırılması, yeni avtomatlaşdırılmış Hava Hərəkəti İdarəetmə (HHİ) sisteminin alınması, peyk siqnallarını təmzimləyən yerüstü naviqasiya stansiyasının quraşdırılması, hava-yer radiorabitə vasitələrinin yenilənməsi və gecə uçuşlarınınhəyata keçirilməsi üçün uçuş zolağının hər iki istiqaməti üçün işıq-siqnal avadanlığının quraşdırılması planlaşdırılır.*
N.Abbasova