Azərbaycan qazaxıstanlı sahibkarlara sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağı təklif edir.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayevi qəbul edib.
Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, geniş nəqliyyat-tranzit imkanları barədə məlumat verən iqtisadiyyat naziri qazaxıstanlı sahibkarları ölkəmizdəki sənaye parklarında və məhəllələrində yaradılmış işgüzar mühitdən yararlanmağa dəvət edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.
Ş.Mustafayev qeyd edib ki, Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur ki, bu da ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.
Görüşdə iqtisadi-ticarət, sənaye, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov