Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən “Sədərək” ticarət mərkəzində yanğın söndürülüb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda bildirilir.
Daha əvvəl verilən məlumata görə, yanğının söndürülməsi zamanı FHN-in 7 əməkdaşı tüstüdən zəhərlənib. Hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub. Zərərçəkənlər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 16 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 10 nəfəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib, 6 nəfərə isə yerində tibbi yardım göstərilib.
“Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 10 nəfərdən 1-i ticarət mərkəzinin əməkdaşı, 9 nəfər isə yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova