Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Bu barədə ASCO-nun məlumatında deylir.
Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.
“Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”, - deyə məlumatda qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 5-dən 8-dək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 15-20 metr təşkil edəcək, arabir 35-38 metrədək güclənəcək.*
B.Rüstəmbəyov