Azərbaycanda sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb, onların 24-ü fəaliyyətə başlayıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq”, - nazir “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sənaye parkları ərazisində 1,5 mlrd. manatlıq məhsul istehsal edilib. Bu məhsulların 300 mln. manatlıq hissəsi xarici ölkələrə ixrac olunub.
“Sevindirici haldır ki, bu günlərdə Balaxanı Sənaye Parkının rezidenti istehsal etdiyi mebel məhsullarının ABŞ-a ixracına başlayıb”, - Mustafayev qeyd edib.
Həmçinin nazir vurğulayıb ki, Mingəçevir Sənaye Parkında 2 iplik fabriki fəaliyyət göstərir. Bu ilin birinci yarısında müəssisə tərəfindən məhsul istehsalı 23 mln. manat, ixrac isə 20 mln. manat təşkil edib. Sumqayıt Kimya Sənaye Parkında reallaşdırılan “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən zavodlarda bu ilin birinci yarısında 90 mln. manatlıq polipropilen və yüksəksıxlıqlı polietilen məhsulları istehsal olunub və artıq 70 mln. manatlıq məhsul ixrac edilib.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. **
B.Rüstəmbəyov