2016-2019-cu illərdə Azərbaycanda qeyri-neft məhsullarının ixracatçılarına ixracın təşviqi mexanizmi çərçivəsində dövlət büdcəsindən 14 mln. manatdan çox vəsait ödənilib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2019-cu ilin yanvar-iyun ayları ərzində ixracatçılara 5 mln. manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 mln. manatdan çox ixrac təşviqi ödənilib”, - nazir “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 mln. ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.
2016-cı ilin oktyabr ayında Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı təsdiq edib. Hökumətin qərarına əsasən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni təşkil edir. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər.
Nazirlər Kabinetinin qərarına əsasən mallara aşağıdakı əmsallar tətbiq olunur: bal – 1,5, qurudulmuş meyvələr – 1,5, xurma – 1, nar – 1, unlu qənnadı məmulatları – 1,5, sirkə və ya sirkə turşusundan istifadə olunub-olunmamasından asılı olaraq konservləşdirilmiş meyvə və tərəvəz – 1,5-2, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası – 2, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi – 2, souslar və ədviyyatlar – 2, təbii və ya süni mineral sular, qazlı sular - 1,5, alkoqolsuz içkilər – 1,5, şərab və digər spirtli içkilər – 2, Naftalan mazı – 2, təbii dəridən geyim əşyaları və digər məmulatlar – 2, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları – 2, ipək – 1,5, xalça – 2, yumurta (quşçuluq) - 1,5, fındıq ləpəsi - 1, zeytun yağı və onun fraksiyaları - 1,5, nar şərabı daxil olmaqla meyvə şərabları (üzüm şərabı istisna təşkil edir) - 2.
2019-cu il Azərbaycan dövlət büdcəsində qeyri-neft məhsullarının ixracatçılarına ixracın təşviqi məqsədilə 15 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. **
B.Rüstəmbəyov