Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi “Dağlıq Qarabağ - Ermənistandır” bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə açıq ziddiyyət təşkil edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir”, - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu. Erməni nazirin reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.
“Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistanın baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir. Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək”, – deyə XİN-in bəyanatında vurğulanır.
Qeyd olunur ki, niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər.
“Görünür, Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur. Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir”,- deyə bəyanatda vurğulanır.*
F.İsazadə