2019-cu ilin birinci yarısında Vergilər Nazirliyi dövlət büdcəsinə 4 mlrd. 954 mln. manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirlikdən məlumat verilir.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4% və ya 250 mln. manat çox vergi toplanıb. Vergilər Nazirliyi tərəfindən vergi yığımı üzrə proqnoza 108,8% əməl olunub.
Birinci yarımillikdə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3% və ya 319 mln. manat artaraq 2 mlrd. 545 mln. manat təşkil edib. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70%-ə yüksəlib.
Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azalıb və 1 mlrd. 87,5 mln. manat təşkil edib. 2019-cu ilin birinci yarımilliyində neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3% icra olunub.
Qeyd olunur ki, hesabat dövründə ƏDV ödəyicilərinin sayı 21,99 min nəfər təşkil edib, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 40% çoxdur.
2019-cu ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə köçürmələr üzrə plan 7 mlrd. 316 mln. manat məbləğində müəyyən edilib.**
B.Rüstəmbəyov