2019-cu ilin I yarısında Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına sərmayə qoyuluşları 237 mln. türk lirəsi ($43,2 mln.) təşkil edib. Bu barədə holdinqin məlumatında deyilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
“2019-cu ildə kompleks zavodlarının modernləşdirilməsinə, texnoloji inkişaf hesabına fəaliyyətinin təkmilləşdirilməsinə, enerji səmərəliliyi və ətraf mühitin mühafizəsi üzrə tədbirlərə investisiya qoymağı planlaşdırır. Cari ilin I yarısında “Petkim”ə 237 mln. TL sərmayə qoyulub”, - holdinqin məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin I yarısında “Petkim Petrokimya Holding”in inkişafına 178,6 mln. TL sərmayə qoyulub. Beləliklə, cari ilin yanvar-iyun aylarında sərmayələrin həcmi 32,7% artıb.
Yanvar-iyun aylarında “Petkim”in istehsal güclərindən istifadə əmsalı 2018-ci ilin analoji dövründə 86%-ə qarşı 95,6% təşkil edib.
2018-ci ildə “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına sərmayə qoyuluşları 781 mln. türk lirəsi təşkil edib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.**
N.Abbasova