“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC Xəzər Dəniz Neft Donanmasına məxsus “Mərdəkan” təchizat-yedək gəmisini əsaslı təmirdən sonra istismara qəbul edib. Bu barədə cəmiyyətin məılumatında deyilir.
“Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Proses zamanı braşpil qurğusu, su-yağ soyuducuları, 10 ədəd nasos, hava balonları, boru sistemləri (armaturları ilə birlikdə), su keçirməyən qapıların, illyuminatorların, dayanacaq mühərriklərinin generatorlarının və mexanizmlərin elektrik idarəetmə və qorunma sistemləri təmir edilib. Bundan başqa, bioloji qurğu tamamilə demontaj olunub, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi təmir işləri aparılıb”, - deyə məlumatda bildirilir.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb.
“Mərdəkan” gəmisinin uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel, dedveyti 1810 ton, dartma qüvvəsi 75 tondur.
“Gəminin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlaırnı təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir”, - deyə məlumatda qeyd olunur.
Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.*
N.Abbasova