Qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi müəyyən edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
“Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə