Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Dövlət başçısının sərəncamı ilə İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib. Xüsusilə, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri oldu”, - məlumatda deyilir.
Məlumata əsasən, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.
T. Kərimli 1981-ci ildə anadan olub. 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib. 2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.
Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
İnnovasiyalar Agentliyi prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ilin noyabr ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. İnnovasiyalar Agentliyinin ilkin nizamnamə fondunun məbləği 500 min manatdır. İnnovasiyalar Agentliyinin strukturu agentliyin Aparatı, filialları, Yüksək Texnologiyalar Mərkəzi, İnnovasiya Mərkəzi, laboratoriyalar və inkubatorlardan ibarət olacaq. **
N.Abbasova