Azərbaycan, Rusiya və İran Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutu ilə sərnişin və yük daşımaları sahəsində inzibati maneələrin və infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması üçün işçi qrupu yaradıb. Bu barədə RF Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Müvafiq qərar bu ölkələrin nəqliyyat nazirləri Yevgeniy Ditrix, Məhəmməd Eslami və Ramin Quluzadənin Soçidə keçirilən görüşündə qəbul olunub. Görüşdə Şimali Qafqaz üzrə işlər naziri Sergey Çebotarev də iştirak edib.
İşçi qrupu nazir müavinləri səviyyəsində fəaliyyət göstərəcək.
"Tərəflər, həmçinin birgə nəqliyyat müəssisələrinin yaradılmasına kömək edilməsi ilə bağlı razılığa gəliblər. Bundan əlavə, görüşdə transsərhəd daşımaları üçün razılaşdırılmış üçtərəfli rəqəmsal platformanın yaradılmasının vacibliyi də vurğulanıb", - deyə məlumatda qeyd olunur.
Eyni zamanda, görüşdə Rusiya-Azərbaycan sərhəddində Samur çayı üzərindən keçən avtomobil körpüsünün tikintisinin başa çatdırılması və dövlət sərhədlərində buraxılış məntəqələrinin inkişafının əlaqələndirilməsi məsələsi müzakirə olunub.*
N.Abbasova