“Standard Insurance” sığorta şirkətinin yüzfaizlik səhmdarı olan "AB Standard" QSC sığorta şirkətinin nizamnamə kapitalının artırılmasına dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib.
“Sığorta şirkətinin kapitalı 14,55% və ya 1,6 mln. manat – 12,6 mln. manatadək artırılacaq. Kapital hər birinin nominalı 100 manat olan 16 min yeni səhmin emissiyası hesabına artırılacaq”, - QSC-dən qeyd ediblər.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir.
2019-cu ilin birinci yarısının sonuna olan məlumata görə, şirkətin aktivləri 15 mln. 353,268 min manat, öhdəlikləri – 9 mln. 879,564 min manat təşkil edir. Şirkətin kapitalı 5 mln. 473,704 min manat təşkil edib. Cari ilin birinci yarısı ərzində şirkətin vergiöncəsi mənfəəti 283,48 min manat olub. Eyni zamanda, 2019-cu il iyunun 30-na sığortaçının ümumi yığılmış zərəri 5,526 mln. manat səviyyəsində qiymətləndirilir.
2019-cu ilin birinci yarısının yekunları üzrə şirkətin yığımı 4 mln. 757,6 min manat, ödənişləri – 1 mln. 877,4 min manat təşkil edib. **
Ə.Məmmədov