Şəmkir rayonunun Sarıtəpə kəndində baş vermiş yanğın zamanı bədəninin 70%-i yanmış 24 yaşlı Mətanət İlqar qızı Məsimova bu gün səhər xəstəxanada dünyasını dəyişib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“M.Məsimova həkimlərin səyləriinə baxmayaraq, bu gün səhər saat 6.20-də dünyasını dəyişib. Bədəninin 55% dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan Səltənət Allahverdi qızının (1954-cü il təvəllüdlü) vəziyyəti isə kritik olaraq qalır. Həkimlərin bildirdiyinə görə, onun dahəyatı təhlükə altındadır”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, avqustun 18-də gecə Şəmkir rayonunun Sarıtəpə kəndində baş vermiş yanğın nəticəsində 2 yaşlı Nicat Elmar oğlu Məmmədov həlak olub. Onun anası Mətanət İlqar qızı Məsimova (1995-ci il təvəllüdlü) və nənəsi Səltənət Allahverdi qızı (1964-cü il təvəllüdlü) isə yanıq xəsarətləri alıblar.
Yanğını törətməkdə şübhəli bilinən Elmar Sadıqov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində məlum olub ki, E.Sadıqov həyat yoldaşının müvəqqəti olaraq yaşadığı qayınatasının evinə daxil olub və özü ilə gətirdiyi benzini tökərək yanğın törədib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.*
B.Rüstəmbəyov