Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsinin “qara qutusu” tapılaraq axtarış qrupu tərəfindən Xəzər dənizindən çıxarılıb.
“İyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
“Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizi üzərində Azərbaycanın ərazi sularında düşüb.
Müdafiə Nazirliyi MiQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbləri aydınlaşdırılana qədər Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin bütün uçuşlarını dayandırıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi istintaq hərəkətləri icra edir.
Türkiyə Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ-29 qırıcı təyyarənin axtarışı məqsədiə 10 nəfərədən ibarət sualtı xilasedici komandanı Azərbaycana göndərib.
RF Xəzər donanmasının qəza-xilasetmə dəstəsinin mütəxəssisləri MiQ-29 hərbi təyyarənin axtarışı üzrə birgə tədbirlərdə iştirak edirlər. **
F.İsazadə