1 iyul 2019-cu il tarixinə Azərbaycanda pensiyaların orta aylıq məbləği 232,3 manata (cari məzənnə ilə $136,6) bərabərdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% - 232,3 manatadək artıb, bu da ölkə üzrə orta aylıq əmək haqqının 39,7%-ni təşkil edir”, - Komitədən bildirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 mlrd. 854,8 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,4% çoxdur. Vəsaitin 97,7%-ni pensiya xərcləri təşkil edib.
2019-cu il iyulun 1-i vəziyyətinə 1 mln. 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13%-ni təşkil edir. Onların 58,4%-i yaşa, 30%-i əlilliyə, 11,6%-i ailə başçısını itirməyə görə pensiya alır.
2019-cu il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin olunub. **
B.Rüstəmbəyov