Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlayır. Bu barədə “İnterfaks-Azərbaycan”a KOBİA-dan məlumat verilir.
“Avqustun 19-dan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır”, - KOBİA-dan qeyd edilir.
Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. **
B.Rüstəmbəyov