Bryansk vilayətindən olan iş adamları avqustun sonunda Azərbaycana səfər edəcəklər. Bu barədə vilayətin Ticarət-Sənaye Palatasının mətbuat xidmətinin məlumatında deyilir.
“Bryansk vilayətinin ixrac yönümlü kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrinin Azərbaycana biznes missiyası avqustun 26-dan 29-dək baş tutacaq. Məqsəd qarşılıqlı faydalı əməkdaşlığın, yeni işgüzar əlaqələrin qurulması, beynəlxalq bazarlara çıxmaqda Bryansk biznesinə kömək etmək üçün Azərbaycanın biznes cəmiyyəti ilə Bryansk şirkətlərinin nümayəndələri arasında danışıqların təşkil edilməsidir”, - deyə məlumatda bildirilir.
Biznes-missiyanın tərkibinə “Russkaya Bronya TE” MMC, “Bryanskiy qormolzavod” ASC, “Epataj” MMC daxil olacaq, “Lessorb” MMC isə qiyabi olaraq iştirak edəcək.
“Biznes missiya çərçivəsində Bryansk vilayəti və Azərbaycanın biznes nümayəndələri arasında işgüzar əlaqələrin inkişafı və möhkəmləndirilməsinə yönəlmiş bir sıra tədbirlər planlaşdırılıb. Həmçinin biznes missiyanın iştirakçıları Azərbaycanda fəaliyyət göstərən müəssisələrə baş çəkəcəklər”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, onlar üçün milli ticarət nümayəndəliklərinə, biznes assosiasiyalara səfərlər, nazirlik və qurumların, işgüzar birliklərin və ticarət-sənaye palatalarının nümayəndələri ilə görüşlər təşkil ediləcək.*
N.Abbasova