Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksində su, qaz və elektrik sayğaclarının quraşdırılmasına 3 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının materiallarına əsasən, üç şirkət ilə müvafiq müqavilələr imzalanıb. Müqavilələrin ümumi dəyəri 2 mln. 936 min 224,03 manatdır.
Xüsusilə, qaz sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi ilə bağlı “Qaz Oil Building” MMC ilə 957 min 956,92 manat məbləğində müqavilə bağlanıb.
Su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi ilə əlaqədar “RF İnşaat” MMC ilə 772 min 653,56 manat məbləğində müqavilə bağlanıb.
Bundan başqa, elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi ilə bağlı “BAKELEKTRO” ASC 1 mln. 205 min 613,55 manat məbləğində müqavilə imzalanıb.
Hövsan Yaşayış Kompleksi 2017-ci ilin fevral ayında “MİDA” MMC-yə ayrılmış Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən 20 hektarlıq torpaq sahəsində inşa olunacaq. Ayrılmış torpaq sahəsi Zığ-Aeroport avtomagistralı ilə Hövsan qəsəbəsi arasında yerləşir.
Hövsan qəsəbəsində 20 hektarlıq torpaq sahəsində ikinci Yaşayış Kompleksi inşa olunur. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur.
Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır.
Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. **
N.Abbasova