Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertləri 19-23 avqust tarixlərində dövlət sərhədinin ayrı-ayrı sahələrinə birgə baxış keçirəcəklər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 19-da ekspertlərin işçi görüşü keçirilib.
“Tərəflər delimitasiya prosesinin gedişatını müzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Avqustun 19-23-də ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirilməsi planlaşdırılır.*
F.İsazadə