Prezident İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Qanun dövlət başçısının saytında dərc olunub və 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun aqrar sığorta sahəsində əsas anlayışları, dövlətin vəzifələrini, aqrar sığortanın predmetini, aqrar sığorta üzrə təminat verilən riskləri, aqrar sığortanın tənzimlənməsini və digər aspektləri nəzərdə tutur.
Prezident İ.Əliyev, həmçinin “Aqrar sığorta haqqında” qanunun tətbiqi və “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 mln. manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.
Bundan başqa, Nazirlər Kabinetinə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 mln. və 3 mln. manat vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb. Beləliklə, 2022-ci ilədək fondun nizamnamə kapitalı 9 mln. manatadək artacaq.
Fərmana əsasən, fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən - Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.*
Ə.Məmmədov