2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 1 mln. 777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gələnlərin 30,6%-i Rusiya Federasiyası, 22,8%-i Gürcüstan, 9,9%-i Türkiyə, 7,2%-i İran, 3,6%-i Səudiyyə Ərəbistanı, 2,3%-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olub”, - deyə məlumatda bildirilir.
Turistlərin 66,8%-ni kişilər, 33,2%-ni isə qadınlar təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3% artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7% artaraq 655,1 min nəfər olub.
Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2%), Hindistan (80,6%), Türkmənistan (78,5%), Çin (74,3%), Səudiyyə Ərəbistanı (48,8%), Macarıstan (48,1%), Böyük Britaniya (30,9%), Cənubi Koreya (30,9%), Yaponiya (29,3%), Polşa (27,7%), Kanada (25,2%), Almaniya (25,1%) və Gürcüstan (23,4%) vətəndaşları arasında qeydə alınıb.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8%-i dəmir yolu və avtomobil, 41,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9% artaraq 3 mln. 115,1 min nəfər olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8%, Gürcüstana gedənlərin sayı 12,4%, Rusiya Federasiyasına gedənlərin sayı 7,7%, Türkiyəyə gedənlərin sayı isə 3,7% artıb.
“Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,7%-i dəmir yolu və avtomobil, 16,5%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə