Prezident İlham Əliyev Trinidad və Tobaqo Respublikasının prezidenti vəzifələrini müvəqqəti icra edən Kristina Kanqalunu Qoşulmama Hərəkatının oktyabrda Bakıda keçiriləcək Zirvə toplantısına dəvət edib.
“K.Kanqalu ilə görüşü zamanı Azərbaycanın Trinidad və Tobaqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov prezident İ.Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini təqdim edib”, - deyə səfirliyin məlumatında bildirilir.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunub, həmsöhbətinə münaqişə və onun nəticələri barədə ətraflı məlumat verib. Bundan başqa, görüş zamanı, ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfir, həmçinin Trinidad və Tobaqo parlamentinin sədri Bridgid Meri Anizet-Corc və xarici və karikom işləri naziri Denis Mozes ilə Bakı və Port of Spain arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
E.Poluxov Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi haqqında həmsöhbətlərini məlumatlandırıb.*
F.İsazadə