İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsi sistemi sentyabr ayından fəaliyyətə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və İcbari Sığorta Bürosunun, eləcə də həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə müzakirə olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli qeyd edib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən edilərək qanunverciliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək. Görüşdə sistemin sentyabr ayının əvvəlindən tam fəaliyyətə başlanacağı vurğulanıb”, - deyə məlumatda bildirilir.
MBNP-nin məlumatına görə, cari ilin I yarısında bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar 25 mln. 413,9 min manat, ödənişlər 1 mln. 319,2 min manat təşkil edib.
Azərbaycanda 4 sığorta şirkəti bu sığorta növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir.*
Ə.Məmmədov