Abşeron rayonu ərazisində kombi istehsalı zavodu fəaliyyətə başlayıb.
“Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavod Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb.
“Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da 1 mln. manatı xarici sərmayələrdir. Zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub”, - deyə KOBİA-nın məlumatında bildirilir.
Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcminin 11 mln. manata, iş yerlərinin sayının 200-ə çatdırılması nəzərdə tutulur.
“Bu, zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək”, - deyə məlumatda bildirilir.
Zavodun məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə xarici ölkələrə ixrac ediləcək.
Bundan başqa, “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.*
B.Rüstəmbəyov