Azərbaycan 2019-cu ilin I yarısında $15 mln. 367,4 min dəyərində 20 min 229,61 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ilin I yarısında Azərbaycana $23 mln. 532,06 min dəyərində 32 min 124,52 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. Beləliklə, bu ilin yanvar-iyun aylarında “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 37,1%, dəyər ifadəsində 34,7% azalıb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Rusiyadan $12 mln. 450,87 min dəyərində 15 min 851,27 ton (azalma 30,7%), Rumıniyadan $2 mln. 916,53 min dəyərində 4 min 378,34 ton (azalma 52,7%) “Premium Euro-95” markalı benzin idxal edilib.
Bundan başqa, 2019-cu ilin I yarısında Azərbaycana $808,72 min dəyərində 907,95 ton (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində artım 41,4%, dəyər ifadəsində artım 24%) «Super Euro-98» markalı avtomobil benzini idxal olunub. Hesabat dövründə idxalın bütün həcmi Belarusun payına düşüb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $44 mln. 75,58 min dəyərində 57 min 718,71 ton «Premium Euro-95» və $1 mln. 69,59 min dəyərində 1 min 104,11 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,5 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,6 manat təşkil edir.*
N.Abbasova