“Azərtütün ASK” MMC tədarük edilən yaşıl tütünün alış qiymətinin artırıldığını bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sənaye Korporasiyasından (ASK) məlumat verilib.
Qəbul edilmiş qərara əsasən, yaşıl tütünün tədarük qiymətləri müvafiq olaraq 1-ci sort – 1 kq – 0,27 manat (əvvəllər 0,25 manat); 2-ci sort - 1 kq - 0,18 manat (0,17 manat), 3-cü sort – 0,10 manat (dəyişməyib) həddində müəyyən edilib.
Yaşıl tütünün alış qiymətlərinin artırılmasına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müsbət rəy bildirilib.
“2019-cu ildə Şəki, Qax, Zaqatala və Balakən rayonlarındayaşıl tütünün istehsalı və tədarükü üzrə 229 fermerlə müqavilələr bağlanıb. Fermerlərin toxum və gübrə tələbatı təmin edilib, hər hektar üçün 1,7 min manat olmaqla 181 fermerə kredit xətləri açılıb, aqrotexniki tədbirlərin görülməsinə Cəmiyyətin mövcud texniki resursları cəlb edilib, fermerlərə təlimlər keçirilib”, - deyə məlumatda bildirilir.
“Azərtütün” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına daxildir. Hazırda “Azərtütün” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd xüsusi odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi fəaliyyət göstərir. Ümumilkdə “Azərtütün” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri var, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir.*
B.Rüstəmbəyov