Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsi havada quş dəstəsi ilə toqquşduqdan sonra qəzaya uğrayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Müdafiə Nazirliyi MiQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbləri aydınlaşdırılana qədər Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin bütün uçuşlarını dayandırıb.
Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb.*
F.İsazadə