Bişkek meri Əziz Surakmatov Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla görüşüb. Görüş zamanı Heydər Əliyev adına parkın və orta ümumtəhsil məktəbinin tikintisi layihəsi müzakirə edilib.
Qırğızıstan mətbuatının məlumatına görə, Ə.Surakmatov bildirib ki, işçi layihə hazırlanaraq mart ayında Azərbaycan tərəfinə təhvil verilib.
Salınacaq parkın sahəsi 5,5hektardır.
Tərəflər, həmçinin 550 yerlik ümumtəhsil məktəbinin tikintisini də müzakirə edibilər. Məktəbin layihələndirilməsi və inşası müddətində 2,24 hektar ərazidə olan torpaq sahəsi Azərbaycan tərəfinə müvəqqəti istifadəyə verilib.
Memarlıq-planlaşdırma şərtləri, baş plan və memarlıq-inşaat hissəsi işlənib hazırlanıb, topoqrafik tədqiqat aparılıb.
Obyektlərin tikintisi Azərbaycanın vəsaiti hesabına həyata keçiriləcək.
Xatırladaq ki, 2019-cu il martın 7-də Bişkek şəhər meriyası ilə Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi arasında Heydər Əliyev adına parkın və ümumtəhsil məktəbinin inşasına dair əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.*
F.İsazadə