“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Qara dənizdə fider gəmisinin ilk sınaq səfəri 2019-cu il sentyabrın 20-dək həyata keçiriləcək. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib. Yığıncaqda Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında ASCO gəmisi vasitəsilə konteyner daşımalar xəttinin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
ASCO-nun Qara dənizdə fider gəmisinin ilk sınaq səfərinin 2019-cu il sentyabrın 20-dək həyata keçirilməsi nəzərdə tutulur. Fider gəmi hər 10 gündən bir (ayda 3 dəfə) səfərə çıxacaq. Yük həcmi çoxalacağı halda xətt üzrə gəmilərin sayının və reyslərin müntəzəmliyinin artırılması da nəzərdə tutulub.
“Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq”, - deyə məlumatda vurğulanır.
Yığıncaqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ninsədri Rauf Vəliyev, Gürcüstan, Qazaxıstan və Rumıniyadan olan dəmir yolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri iştirak ediblər.*
N.Abbasova