Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qo Min ilə görüşüb. Görüşdə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
“Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd deyib.
“Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə