2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 129 mln. 769,3 min ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-iyul aylarının göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 81,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-iyul aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.
Hesabat dövründə dəmir yolu ilə 8 mln. 174,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur.
Dəniz nəqliyyatı ilə 3 mln. 563 min ton (azalma 28,4%), avtomobil nəqliyyatı ilə 83 mln. 181,5 min ton (artım 2,6%), hava nəqliyyatı ilə 108,2 min ton (azalma 8,6%) müxtəlif yük daşınıb.
Yanvar-iyul aylarında daxili neft kəmərləri vasitəsilə 23 mln. 222,5 min ton neft (azalma 2,9%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov