2019-cu il iyulun 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8,92 mlrd. təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8 mlrd. 927,1 mln. təşkil edib. Beləliklə, cari ilin I yarısında xarici borc 0,1% azalıb.
“Dövlət borcu Azərbaycan hökumətinin birbaşa öhdəliklərindən və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə öhdəliklərdən, xarici dövlət borcu isə beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib. Sənədə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.*
Ə.Məmmədov