Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"nin nəticələrini tanımır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır”, - deyə bəyanatda bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.*
N.Abbasova