Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərdiyini qeyd edir.
A.Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.
“Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz”, - deyə dövlət başçısının A.Paşazadəyə ünvanladığı təbrik məktubunda bildirilir.
İ.Əliyev A.Paşazadənin cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışdığını, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərdiyini vurğulayıb.
“Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız. Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır”, - deyə təbrik məktubunda bildirilir.
Prezident İ.Əliyev A.Paşazadəyə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.*
F.İsazadə