“Azərenerji” ASC “Şəmkir” SES-in 2 saylı hidroaqreqatında təmir-bərpa işlərinə yekun vurub. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Ötən ilin payızından başlayaraq “Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb”, – deyə məlumatda bildirilir.
Hazırda əsas diqqət “Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Eyni zamanda, planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.
“Şəmkir” SES 1983-cü ildə istismara verilib.*
B.Rüstəmbəyov