Ankara tezliklə Türkiyə ilə sərhəddə Suriya ərazisində yaradılan təhlükəsizlik zonasına hərbi kontingent göndərəcək. “Sabah” qəzetinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün Muş əyalətində çıxışı zamanı deyib.
"Bizim pilotsuz uçan aparatlarımız və helikopterlərimiz artıq bölgədədir. Çox tezliklə quru qoşunlarımız da bölgəyə girəcək", - deyə o bildirib.
Bununla yanaşı, Ərdoğan Suriyada təhlükəsizlik zonasının yaradılması prosesinin ləng getdiyini bildirib.
O qeyd edib ki, əgər ABŞ təhlükəsizlik zonası ilə bağlı Türkiyə ilə əldə olunmuş razılaşmaların icrasını ləngidərsə, Ankara da öz planlarına uyğun hərəkət etməyə başlayacaq.
Eyni zamanda, prezident vurğulayıb ki, Türkiyə şimali Suriyanın problemlərinin həllində dialoqa və əməkdaşlığa üstünlük verir.*