Bazar ertəsi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu Binəqədi rayonlarında körpələr evi-uşaq bağçalarının açılışlarında iştirak edib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2 min kvadratmetrdən ibarətdir.
Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçası 1980-ci ildə fəaliyyətə başlayıb. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq.
Bundan başqa, bazar ertəsi Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər. M.Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olundu. **
N.Abbasova