Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın son açıqlamasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti bilərəkdən gərginləşdirməyə xidmət etdiyini bildirir.
“Ermənistan artıq müəyyən etməlidir, sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”, - deyə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd olunur.
Açıqlamada deyilir: “Bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaq. Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları var. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib”.
“Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil”, - deyə açıqlamada bildirilir.
Sənəddə vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub.
“Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq”, - deyə açıqlamda qeyd olunur.*
F.İsazadə