Avqustun 25-də Şəki şəhərində yerləşən “Firuzə” şadlıq sarayında keçirilmiş toy məclisində kütləvi zəhərlənmə faktı üzrə Rayon polis şöbəsində cinayət işi başlanıb.
“Toy məclisində iştirak edən qonaqlardan 57 nəfər (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib”, - deyə Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir.
Fakta görə Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
“Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə