2019-cu ilin I yarısında "MET-AK" sənaye şirkətinin xalis mənfəəti 1 mln. 456,415 min manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə azdır.
"MET-AK"ın I yarımilliyə dair maliyyə hesabatına əsasən, şirkətin məhsul satışından gəlirləri 36 mln. 518,81 min manat (ötən ilin müvafq dövrü ilə müqayisədə azalma 4,5% - İF), məhsulun maya dəyəri 31 mln. 115,139 min manat (azalma 0,5%) təşkil edib.
Cari ilin yanvar-iyun aylarında şirkətin əməliyyat mənfəəti 2 mln. 877,496 min manata (azalma 33,6%) bərabər olub.
I yarımillikdə "MET-AK" aktivlərini 8% - 94 mln. 380,741 min manatadək artırıb.
2019-cu ilin iyul ayının əvvəlinə şirkətin kapitalı 49 mln. 892,762 min manat təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3% çoxdur. I yarımillikdə “MET-AK”ın nizamnamə kapitalı 97,4% - 39 mln. 471,6 min manatadək artıb.
Bundan başqa, “MET-AK” may ayında 3 mln. manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar yerləşdirib. Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb. İstiqrazlar üzrə illik gəlirlilik 10%, tədavül müddəti 365 gündür. İstiqrazlar üzrə faiz ödənişləri hər ay həyata keçirilir.
1997-ci ildə yaradılan “MET-AK” MMC plastik boru və fitinq istehsalı bazarında liderdir. Şirkət Balaxanı Sənaye Parkının rezidentidir. Bundan başqa, 2017-ci ilin oktyabr ayında Neftçala Sənaye Məhəlləsi ərazisində “MET-AK”ın yeni zavodları açılıb.
“MET-AK” şirkətinin sahibi bir fiziki şəxs – Alik Kərimovdur.*
Ə.Məmmədov